JÜRİ
Beynəlxalq müsabiqənin münsiflər heyəti.
Ayaz Salayev (Azərbaycan)
Kinoşünas, kinorejissor, ssenarist, televiziya aparıcısı, pedaqoq
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil alıb. Kino karyerasına müəllifi olduğu “Retro” verilişi ilə başlayıb. Bu veriliş dövrünün sanballı televiziya layihəsi olmaqla yanaşı, yerli tamaşaçıların kino zövqünün formalaşmasında müstəsna rol oynayıb. Kinorejissor kimi debütünü isə 1988 -ci ildə çəkdiyi “Ata” sənədli filmi ilə edib. 1995-ci ildə “Yarasa” tammetrajlı bədii filmini lentə alıb. Berlin kinofestivalında nümayiş etdirilən film onu daha geniş auditoriyaya tanıdıb. Sonradan “Yarasa” Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib, mükafatlar alıb. Fransanın Anje şəhərində keçirilən Beynəlxalq Avropa kinosu festivalında isə Qran-priyə layiq görülüb. Bundan başqa o, “Təxribat”, “Vahimə”, “Ağ-qara gecələr” filmlərinin və “Qarabağın həsrət salnaməsi” layihəsinin müəllifidir. Azərbaycanın Əməkdar incəsənət xadimidir.
Gülbara Tolomuşova (Qırğızıstan)
Kinoşünas, kinorejissor
FIPRESCI-in (Beynəlxalq Kinotənqidçilər Federasiyası) və NETPAC-ın (Asiya kinosunun inkişafı şəbəkəsi) üzvüdür. Müxtəlif mətbu orqanları, forumlar və internet portallarında məqalələrlə çıxış etməklə yanaşı, rejissorluq, prodüserlik, menecerlik kimi zəngin kino fəaliyyətinə malikdir. Əsasən, insan hüquqlarının müdafiəsi mövzusunda sənədli filmlər çəkməyə üstünlük verir. Bir sıra beynəlxalq kinofestivallarda münsiflər heyətinin üzvü olmuş kinotənqidçi Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya departamentinin aparıcı mütəxəssisidir. Kino sahəsindəki səmərəli işinə görə ölkəsində və xaricdə mükafatlara layiq görülüb.
Kambuzia Partovi (İran)
Ssenarist, kinorejissor
Ssenarist kimi bir sıra tanınmış rejissorlarla uğurlu iş birliyi olub. Ona bu sahədə məşhurluq gətirən işi dünya şöhrətli rejissor Cəfər Pənahinin “Dairə” filminə yazdığı ssenari olub. 1988-ci ildə “Gülnar” bədii tammetrajlı filmini çəkməklə kinorejissorluq fəaliyyətinə başlayıb. Lentə aldığı “Kafe “Tranzit”” filmi 2007-ci ildə İranı “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominasiyasında təmsil edib. 2013-cü ildə isə Cəfər Pənahi ilə birlikdə “Pərdə” filminə həmmüəlliflik edib.
Tobias Büxner (Almaniya)
Prodüser
1994-cü ildən müstəqil prodüser kimi çalışır. Həmin il bacısı Kristiane Büxnerlə birgə “Büchner Filmproduktion GbR” kino şirkətini təsis edib. Sonra bilgilərini EAVE-də daha da təkmilləşdirib. Həmçinin müxtəlif platforma layihələrinin lisenziyalaşdırılması, maliyyələşdirilməsi, inkişafı və istehsalı ilə məşğuldur. 2010-cu ildə bacısı Kristiane Büxner ilə birlikdə “Ex Oriente” proqramında “Family Business” (“Ailə işi”) sənədli filmi ilə iştirak etmişdir.
Zəhra Bədəlbəyli (Azərbaycan)
Musiqiçi, prodüser, şairə
Musiqi Akademiyasında təhsil alıb, müəllim və konsertmeyster kimi fəaliyyət göstərib. Bir müddət Tələbə Gənclər Təşkilatının sədri olub. 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsində çalışıb və Azərbaycanın müsabiqədəki ilk mahnısının sözlərini yazıb. İlk şeir albomu 2011-ci ildə nəşr olunub. Həmin il “OK! Azerbaijan” jurnalının baş redaktoru təyin edilib. 2014-cü ildə Bakı Avropa Oyunlarının mədəni tədbirləri üzrə müşaviri olub, 2015-ci ildə “Gamma Agency” şirkətini təsis edib.
Yerli müsabiqənin münsiflər heyəti.
Mirbala Səlimli (Azərbaycan)
Teatr və kino rejissoru, ssenarist
Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsi olub. 2003-2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor Kşiştof Zanussi və almaniyalı kinodramaturq D. Benkedən, 2006-2007-ci illərdə isə İFA-SC proqramı (İsveçrə) çərçivəsində britaniyalı kinodramaturq Kler Daunzdan ustad dərsləri alıb. 2002-ci ildə rejissor və ssenarist kimi “Debüt” studiyasında “Odla qol-boyun” adlı qısametrajlı bədii filmini, 2007-ci ildə “Yaddaş” sənədli filmlər studiyasında “Şəki -tarixin naxışları” adlı sənədli filmini çəkib. 2000-ci ildən “Mir iskusstva” (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir. O, eyni zamanda Rusiya Kinorejissorları Gildiyasının üzvüdür. 2016-cı ildə lentə aldığı “Qırmızı bağ” tammetrajlı bədii filmi müxtəlif beynəlxalq kinofestivallarda “Ən yaxşı bədii film”, “Jürinin xüsusi mükafatı”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor” nominasiyaları üzrə təltif edilib. Azərbaycanın Əməkdar incəsənət xadimidir.
İlqar Fəhmi (Azərbaycan)
Şair, yazıçı, kinodramaturq
Müxtəlif ədəbi əsərlərdən ibarət səkkiz kitabı dərc edilib. 2002-ci ildə “Axırıncı qatar” pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, “Ölüm növbəsi”, “Aktrisa” , “Dərvişin qeydləri” , “Axırıncı dayanacaq” və başqa ssenariləri dövlət sifarişi ilə ekranlaşdırılıb. “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin “İlin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə “Bakı tarixindən kollaj” əsərinə görə “Humay” mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibidir.
Cavid Təvəkkül (Azərbaycan)
Kinorejissor, prodüser
Bir sıra bədii, sənədli və televiziya filmlərinin müəllifidir. “Azarkeş”, “100000 AZN”, “Sovqat”, “Əzizim, Fellini”, “Səhərə inan…”, “Döngələr” (teleserial), “Qarabağnamə”, “Dərs”, “Bir günəş altında”, “Şekspir”, “Cümhuriyyət” filmlərinin rejissorudur. “Şekspir” filmi bir çox beynəlxalq festivallarda iştirak edib. Hazırda Bakı Film İnstitutunda kinorejissorluqdan dərs deyir.