“START” Beynəlxalq Qısa Filmlər Festivalı 2004-cü ildə “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festivalda yalnız azərbaycanlı gənclər iştirak edirdi. Növbəti ildə festival digər ölkələrin gənclərini özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirdi. “START”ın təsisçi və təşkilatçılarının hədəfi Yaxın Şərq, MDB-də ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaq idi. Beləliklə, artıq “START” beynəlxalq status daşımağa başladı.
8 il ərzində “START”da 40-dan çox ölkənin (Türkiyə, Almaniya, Fransa, Bolqarıstan, Polşa, İspaniya, Cənubi Koreya, Estoniya, Serbiya, İslandiya, Portuqaliya, İsrail, İran, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Misir, Pakistan və s.) yaradıcı gəncləri iştirak edib.
Festival beynəlxalq statuslu olduğu üçün onun münsiflər kürsüsündə də beynəlxalq tərkibli heyət əyləşir.
Minimum güzəşt və maksimum istedada üstünlük verən “START” Beynəlxalq Qısa Filmlər Festivalının məqsədi filmlərin baxışını və müzakirəsini keçirmək, aralarından ən yaxşıları qiymətləndirmək, yerli müəllifləri dünya praktikası, yeni tendensiyalarla tanış etməkdir.
Bununla yanaşı ölkəmizdə gənc kinematoqrafı və onun problemlərini diqqət mərkəzinə gətirən Festival azərbaycanlı gənclərin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
“START” həm də yerli rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir. Beləki, Festival çərçivəsində xarici rejissorların paytaxtımıza qonaq gəlməsi artıq ənənəyə çevrilib.
Bu il 14, 15, 16, 17 noyabr tarixlərində Bakıda baş tutacaq sayca 9-cu “START” Beynəlxalq Qısa Filmlər Festivalına hər zaman olduğu kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda tşkilati dəstək qismində çıxış edir