Noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, festival Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına dair tədbirlər çərçivəsində keçirilib.
Festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzidir. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək veriblər.
Mərasimdə festivalın direktoru Fehruz Şamıyev çıxış edərək tədbir barədə məlumat verib. Qeyd edib ki, festival 35 yaşadək rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini nəzərdə tutub. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunub. Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət seçim komissiyasının qərarına əsasən, beynəlxalq və yerli müsabiqədə “Qızıl nar” uğrunda 30 ölkədən 100 film mübarizə aparıb. Onlardan 72-si beynəlxalq müsabiqənin proqramına daxil edilib. Qaliblər beynəlxalq münsiflər heyətinin üzvləri – Ayaz Salayev (Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) tərəfindən qiymətləndiriliblər.
Diqqətə çatdırılıb ki, seçim komissiyası festivalın yerli müsabiqə bölməsinə 28 film daxil edib. Bu müsabiqədə qalibləri üç yerli mütəxəssis – Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün daxil olduğu münsiflər heyəti seçib.
Sonra qaliblərin adları açıqlanıb. Beynəlxalq müsabiqənin “Qızıl nar” nominasiyası uğrunda “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” elan edilib. Onlar müvafiq olaraq türkiyəli rejissor Onur Yağızın “Topraq”, iranlı rejissor İman Behruzinin “Əsl məhəbbət”, almaniyalı rejissor Conatan Şvenqin “Daşqın”, türkiyəli rejissor Alican Durbaşın “Torpaq” filmidir.
Yerli müsabiqənin qalibləri isə “Ən yaxşı bədii film” üzrə Pərviz Gülməmmədovun “Oğul”, “Ən yaxşı sənədli film” üzrə Emil Əlinin “Adam”, “Ən yaxşı rejissor” üzrə Orxan Adıgözəlovun “Bir saniyə”, “Ən yaxşı ssenari” üzrə Fərid Kərimin “Sonar”, “Ən yaxşı operator” üzrə Elvin Əhmədoğlunun “Yaddaş” filmi seçilib.
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
BEYNƏLXALQ MÜSABIQƏNİN QALİBLƏRİ
“Ən yaxşı bədii film”
Topraq- Onur Yağız (Türkiyə)
“Ən yaxşı sənədli film”
Əsl məhəbbət –İman Behruzi (İran)
“Ən yaxşı animasiya filmi”
Daşqın- Conatan Şvenq (Almaniya)
“Ən yaxşı eksperimental film”
Torpaq –Alican Durbaş (Türkiyə)
“Ən yaxşı bədii film rejissoru”
Qəddar oyunlar –Ceronimo Sarmiento (Estoniya, Portuqaliya, Kolumbiya, Abş)
“Ən yaxşı sənədli film rejissoru”
Bu gün xoşbəxtəm- Culio Toninçelli (İtaliya, Fransa)
“Ən yaxşı animasiya filmi rejissoru”
Cazibə yoxdur- Ş.Pariso, J.Sisse, F.K.Qosmides, F.Aliyer Estrada, M.Lümet – Lanshard, L.Abraham (Fransa)
“Ən yaxşı eksperimental film rejissoru”
On üstü mənfi 43 saniyə -rejissor Fransis (Fransa)
“Münsiflər heyətinin xüsusi mükafatı”
Bahar- Nataliya Konçalovskaya (Rusiya)
“Münsiflər heyətinin diplomu”
ASAN – Berik Zaxanov (Qazaxıstan)
Asfalt çiçəkləri – Borbala Nagi (Almaniya)
Ehtiyac –R.Fərzani, P.S.Azər (İran)
Sahə -Aleksandr Şkrabak (Ukrayna)
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı
Qızıl qız – Çiara Fleişhaker (Almaniya)
İkinci güllə – Natiq Rəsul (Azərbaycan)
Tamaşaçı rəğbətinə görə diplom
Haymlik- Kostas Bakuris (Yunanıstan)
8 dəqiqə- Georgi Gogeçaişvili, David Abramişvili (Gürcüstan)
05- Mixail Qorobçuk (Rusiya)
YERLİ MÜSABİQƏNİN QALİBLƏRİ
“Ən yaxşı bədii film”
Oğul – Pərviz Gülməmmədov
“Ən yaxşı sənədli film”
Adam – Emil Əli
“Ən yaxşı rejissor”
Bir saniyə – Orxan Adıgözəlov
“Ən yaxşı ssenari”
Sonar – Fərid Kərim
“Ən yaxşı operator”
Yaddaş – Elvin Əhmədoğlu
“Münsiflər heyətinin xüsusi mükafatı”
18-ci mərtəbə – Səidə Abdullayeva
“Münsiflər heyətinin diplomu”
Deja vu – Masər Həsənov
Məni düşünən qadın – Elnur Rzayev
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı
Əfsanə – Murad Muradov
“CİNEMOBİL” ONLAYN MÜSABİQƏNİN QALİBİ
Bir zamanlar Xudatda – Sənan Səfərov