14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının Pitçinqində müzakirə olunacaq kinolayihələr müəyyənləşib.
Festivala təqdim olunan 10 kinolayihə “Qısametrajlı bədii film”, “Qısametrajlı sənədli film” kateqoriyaları üzrə nəzərdən keçirilib.
Təşkilat Komitəsinin Seçim Komissiyasının qərarına əsasən “Qısametrajlı bədii film” kateqoriyasında üç layihə- “Qara mamba” (Naiq Babayev), “Robot” (Pərviz Gülməmmədov), “Tuman” (Toğrul Musayev), “Qısametrajlı sənədli film” kateqoriyasında isə yalnız bir layihə- “Ümid” (Ülviyyə Əhmədova) seçilərək Pitçinqə təqdim edilib.
Pitçinqin ekspertləri qalib layihələrə texniki dəstək göstərəcək yerli kinoşirkətlərin və prodüser mərkəzlərinin nümayəndələrindən ibarət olacaq.
Layihənin Pitçinqdə təqdimatı zamanı iştirakçı aşağıdakı materialları təqdim etməlidir:
– ideyanın təsviri və ssenarinin sinopsisi
– layihənin hazırlıq işləri, çəkiliş qrupu, aktyor heyəti, büdcəsi və s. haqqında məlumatlar
– yardımçı materiallar: treylər və ya qısa tizer, rəsmlər və ya fotoşəkillər
İştirakçının çıxışına 5 dəqiqə, ekspertlərin suallarını cavablandırmağa 5 dəqiqə vaxt ayrılacaq.