Input your search keywords and press Enter.

45 ölkədən 490 film

14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının Beynəlxalq müsabiqə proqramında mübarizə aparacaq filmlərin adları bəlli olub.
“SINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu dəstək göstərir. Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilati dəstək qismində iştirak edir.
Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 film göndərilib. Beynəlxalq müsabiqə üçün təqdim edilən filmlərin sayı 405 olub.
Filmlər Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib.
Seçim Komissiyasının qərarına əsasən Beynəlxalq və Yerli müsabiqədə “Qızıl nar” uğrunda 100 film mübarizə aparacaq. Bunlardan 72 film (41 bədii, 15 sənədli, 11 animasiya, 5 eksperimental) Beynəlxalq müsabiqədə yarışır.
Təşkilat Komitəsi Beynəlxalq müsabiqədə yarışacaq filmlərin çoxluğunu və keyfiyyətini nəzərə alaraq nominasiyaların sayını artırıb. Beləki, müsabiqə qalibləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film”, “Münsiflər heyətinin xüsusi mükafatı” nominasiyaları ilə yanaşı “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə müəyyənləşəcək.
Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Minimum güzəşt və maksimum istedada üstünlük verən “START” Beynəlxalq Qısa Filmlər Festivalının məqsədi filmlərin baxışını və müzakirəsini keçirmək, aralarından ən yaxşıları qiymətləndirmək, yerli müəllifləri dünya praktikası, yeni tendensiyalarla tanış etməkdir.
Bununla yanaşı ölkəmizdə gənc kinematoqrafı və onun problemlərini diqqət mərkəzinə gətirən Festival azərbaycanlı gənclərin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
“START” həm də yerli rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir. Beləki, Festival çərçivəsində xarici rejissorların paytaxtımıza qonaq gəlməsi artıq ənənəyə çevrilib.
Təşkilati dəstək: Nizami Kino Mərkəzi, “CinemaPlus”, “Özfilm”, “Colorit”, “İkiqat”, “ByGraphic”, BFİ
İnformasiya dəstəyi: Trend.az, Teleqraf.com, Day.az, Publika.az, Milli.az, Azernews.az, Axar.az, “Mədəniyyət” qəzeti