Input your search keywords and press Enter.

VIII “START”dan geriyə qalanlar

Kinosevərlər üçün ötən həftənin ən maraqlı, ən yadda qalan hadisəsi VIII  “START” Gənclərin Beynəlxalq Film Festivalı oldu. 28, 29, 30 noyabr tarixlərində Bakıda gerçəkləşən festival təmtəraqlı mərasimlə başlayıb, təmtəraqlı mərasimlə də başa çatdı.

Qeyd edək ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da dəstək verdiyi  festivala bu il  Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250 –dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən  87 film daxil edib.

 

Yerli gənc və tələbə rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsi olan kinoforum çərçivəsində  filmləri festival proqramında yarışan ondan çox gənc rejissor Bakının qonağı oldu. Onlar festival və Azərbaycan haqda təəssüratlarını bizimlə bölüşdülər :

 

“Festivaldan və Bakıdan ayrılmaq istəmirəm”

 

Alisiya Kuzneçova (rusiyalı rejissor)

-Bu festivala “Lina” adlı filmlə qatılmışdım. Bu mənim diplom işim idi. Film ailəsini qoruyub, saxlayan, onların bütün ehtiyaclarını təmin edən, övladlarını dolandırmaq üçün qurbanlar verməyə hazır olan  bir qadın haqqındadır. Qəhrəmanım bütün bu çətinliklərə rəğmən həyatın ən qarışıq vəziyyətlərindən mərdliklə çıxa bilir. Bu film öz həyatımıza bir daha nəzər salmağa imkan verir. Bundan başqa deyim ki, festivalda diqqətimi çəkən maraqlı filmlər var idi.  “Ömür beşiyi” adlı qırğız  filmini çox bəyəndim.  Film uşaqlar və günümüzdə çox məşhur olan abort haqqındadır. Hesab edirəm ki, belə filmlər olmalıdır. Xoşbəxtlikdən filmin rejissoru da mənim kimi festivalda qonaq qismində iştirak edir, biz tanış olduq, yaradıcı fikir mübadiləsi apardıq. İlk dəfədir ki, beynəlxalq festivalda iştirak edirəm. Məncə, bu çox qəşəng start oldu. Festivalın təşkilatçılığını çox bəyəndim. Bizə belə gözəl bayram yaşatdıqlarına görə festivalın təşkilatçılarına xüsusi təşəkkür edirəm. Festivaldan və Bakıdan ayrılmaq istəmirəm.

 

Aysel Jurayeva (qırğızıstanlı rejissor)

-Azərbaycana gəlməkdən çox şadam. Şəhərinizi, insanlarınızı, qonaqpərvərliyinizi çox sevdim. Azərbaycan nağıl kimidir.  “START” festivala  diplom işimi təqdim etmişəm. Bu filmdə iki balaca uşağın gözündən həyatı anlatmağa çalışmışam. Sosial və aktual filmdir.

 

Şəfiqə Məmmədova: “Sizinlə gəncləşdim”

3 gün davam edən kinoforum qaliblərin müəyyən olunub, mükafatların verilməsi mərasimi ilə başa çatdı. Bağlanış mərasimində “START” Gənclərin Beynəlxalq Film Festivalının prezidenti Fehruz Şamıyev bildirdi ki, kinoforumun məqsədi kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək və müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir. “Hesab edirəm ki, festival məqsədinə çata bildi”.

Builki festivalın daha çətin keçdiyini bildirən Fehruz Şamıyev bunu festivalın əhatə dairəsinin genişlənməsi, qatılan ölkələrin və göndərilən filmlərin çoxluğu ilə əlaqələndirdi: “Qaliblərin müəyyənləşdirilməsində jüri üzvləri çox gərgin müzakirələr apardılar. Nəhayət ki, VIII “START”ın qalibləri müəyyənləşdi və biz bu gün qalibləri mükafatlandıracağıq”.

Festivalın beynəlxalq münsiflər heyətinə sədrlik edən xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova festivaldan bol enerji aldığını bildirərək “Nə qədər ki, gənclərin festivalı olacaq, orada yalnız münsiflər heyətinin sədri kimi deyil, adi üzvü kimi belə iştirak etməyə hazıram”, deyə əlavə edib. Qaliblərin seçilməsinin çox məsuliyyətli proses olduğunu diqqətə çatdıran Şəfiqə Məmmədova festivalın olduqca maraqlı keçdiyini və buna görə təşkilatçılara, münsiflər heyətinin üzvlərinə və iştirakçılara minnətdarlıq etdi. “Münsiflər heyəti filmlərə incəliklə baxdılar. Səmimi deyirəm, mən hər bir filmlə yaşadım. Çünki çox şux, yaradıcı atmosfer hökm sürürdü. Filmlərdə çox maraqlı mövzular və onların bədii həlli hiss olunurdu. Gənclərin həqiqətən potensialları çoxdur. Bütün iştirakçılara minnətdaram. Sizinlə gəncləşdim”.

Kinoforumun qaliblərinə gəlincə,  “Beynəlxalq” müsabiqə proqramında münsiflər heyətinin yekdil qərarına əsasən heç bir filmə “Ən yaxşı film- Qran Pri” mükafatı verilmədi.  “Ən yaxşı bədii film” nominasiyasında  “Hekayə həyatdan götürülüb” (Türkiyə, rejissor Kerem Keskin),  “Ən yaxşı sənədli film”- “Müharibədən əvvəl” ( Almaniya, rejissor  Jaried Katsiane),  “Ən yaxşı cizgi filmi”-  “Oyun” (İran, rejissor  Cəmal Rəhməti),  “Ən yaxşı eksperimental film”- “Ölüm rəqsi” (Rusiya, rejissor Yuliya Novikeva) qalib oldu.   “Yerli” müsabiqə proqramının qalibləri isə  “Ən yaxşı bədii film”- Ər Toğrul Kamalovun  “Ömürlük əsir”,  “Ən yaxşı eksperimental film” nominasiyasında isə  Emin Pənahın  “Motivasiya” filmi mükafata layiq görüldü.

 

Qeyd edək ki, qaliblərdən başqa “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi iki filmə- “Yüksələn ay”  (Ukrayna, rejissor Yelena Maksimenko), “Astar” (Zamin Süleymanbəyli, Emin Əzizbəyli)  xüsusi mükafat təqdim etdi.

 

Xatırladaq ki,  bu il festivalın proqramı iki – “Yerli” və “Beynəlxalq” proqramdan ibarət idi. Yerli  müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti : kinorejissor Elxan Cəfərov,  İlqar Safat və  “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndirilib. “Beynəlxalq” müsabiqədə isə filmləri 5 nəfərdən ibarət  beynəlxalq jüri heyəti seçib. Qeyd edək ki, bu il festivalın tarixində ilk  dəfə olaraq beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri yaradıcı, sənətdə öz sözlərini demiş  xanımlardan ibarət olub. Bu da səbəbsiz deyil. Çünki   VIII “START”  Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunub. Şəfiqə Məmmədovanın sədrlik etdiyi beynəlxalq münsiflər heyətində  iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberger də təmsil olunub.

Filmləri qiymətləndirən münsiflər heyətinin bəzilərinin festival və nəticələr barədə fikirlərini öyrəndik :

 

“Bu gün Azərbaycan kinosu daha yaxşı məktəb sərgiləyir”

Təhminə Milani (iranlı jüri üzvü, rejissor, ssenarist)

-Təhminə xanım, siz də türk filminə səs verdiniz?

-Bəli, filmi çox bəyəndim. Və bu bütün jüri üzvlərinin yekdil qərarı idi. Festivaldan çox razı qaldım. Bu festivala məni dəvət etdiklərinə görə Festivalın Təşkilat Komitəsinə minnətdaram. Gənclərin filmlərinə baxmaq, onların dünya görüşü ilə tanış olmaq, onların cəmiyyətə verdiyi mesaj mənim üçün olduqca maraqlıdır. Düzdür, mən elə də çox qısametrajlı film çəkməmişəm. Amma hesab edirəm ki, belə filmlər çəkmək gənclər üçün çox vacibdir. İnanın, çox səmimi deyirəm, baxmayaraq ki, bu zamana qədər 13 film çəkmişəm, amma hələ də gənclərin filmlərinə baxanda yeni nəsə götürməyə çalışıram.

-Azərbaycana ilk gəlişinizdir?

-Daha öncə də bura gəlmişəm. Yenidən bura gəlməkdən çox məmnunam. Azərbaycanı çox sevirəm. Özüm də azəriyəm, Təbrizdə dünyaya gəlmişəm. Azərbaycan mənim evimdir. Burdakılar mənim bacılarım, qardaşımdır.

-Azərbaycan filmləri ilə tanışlığınız varmı?

-Azərbaycanın köhnə kinolarını dəfələrlə ailəmlə birlikdə izləmişəm və izləyirəm.Təəssüf ki, yeni filmlərə baxmamışam. Festival sayəsində azərbaycanlı gənclərin filmlərinə baxdım.

-Bəs burda film çəkmək istərdinizmi?

-Azərbaycanda film çəkmək istərdim və ümid edirəm bu, baş tutacaq. Azərbaycan mədəniyyəti mənim üçün doğmadır. Azərbaycan musiqisini dinləyirəm, Həqiqətən özümü Azərbaycanda evimdəki kimi hiss edirəm, elə bilirəm başqa bir Təbrizə gəlmişəm. Bu hislər mənə çox doğmadır.

-Təhminə xanım, gənc rejissorlara nə məsləhət verərdiniz?

-Film çəkməkdən yorulmasınlar. Onları ağrıdan, cəmiyyətə mesaj ötürən filmlər çəksinlər. Mən ilk filmimi çəkəndə 26 yaşım var idi. İlk filmim də tammetrajlı bədii film idi. Mən istəyirəm filmlərimdə öz fikirlərimi göstərim. Gənclərə də bunu tövsiyyə edirəm.

-Filmlərinizlə cəmiyyətə hansı informasiyaları ötürürsünüz?

-Əsasən qadınlarla bağlı kinolar çəkirəm. Ona görə ki, balansın olmasının tərəfdarıyam. Fikrimcə, ailənin sağlam və normal olması üçün qadın və kişinin bərabər hüquqları olmalıdır. Yoxsa o ailədə rahatlıq ola bilməz. Mənim üçün nə kişinin və nə də qadının üstünlüyü var. Mənim də həyat yoldaşım, uşağım var, ev işləri görürəm, yemək bişirirəm və bunların heç birini də pis hesab etmirəm. Həyat yoldaşım mənə yardım edir. Həm evdə, həm də işdə. Həyat yoldaşımla birlikdə memarlıq işləri görürük. Çalışıram filmlərimdə ailələrlə bağlı məsələlərə toxunmaqla balansın qorunmasına kömək edim. Qadınların kişilərdən üstün olduqlarını düşünmürəm və bu cür məqsədim də yoxdur. Mən insanlığı düşünürəm.

 

Culiya Kolberger (polşalı jüri üzvü, rejissor)

-Fehruz Şamıyevə məni bu festivala dəvət etdiyinə görə təşəkkür edirəm. Bakıda olmağıma görə çox xoşbəxtəm. Festivaldan çox böyük gözləntilərim var idi və sonda deyə bilərəm ki, çox xoş təəssüratlarla ayrılıram. Festival ərzində çox maraqlı, yadda qalan filmlərə baxdım. “Ən yaxşı bədii film” nominasiyasında iki film arasında tərəddüd etsək də, nəticə də hamı türk filminin üzərində dayandı. Amma deməliyəm ki, Cənubi Koreya filmi “155 mil” filmi də olduqca maraqlı idi.

 

Yelena Yatsura (rusiyalı jüri üzvü, prodüser)

-Bu gün Azərbaycan kinosu 2-3  il bundan əvvələ  nisbətən daha yaxşı işlər, daha yaxşı məktəb sərgiləyir. Çünki daha öncə Azərbaycan filmləri zəif idi. Birdən birə Azərbaycan filmləri hamını təəccübləndirməyi bacardı. İndi peşəkarlıq hiss olunur və hesab edirəm ki, bu məktəbin böyük şansı var.

 

“Peşə ilə bağlı peşəkar problemlər var”

İlqar Safat (kinorejissor)

-Festival təşkil etmək Azərbaycan kinematoqrafiyası üçün çox lazımlı işdir. Bu bizim rejissorlara dünya kinematoqrafiyasına inteqrasiya etməyə şans verir. Festivalın ümumi proqramı çox güclü idi. Həmkarlarımla mən festivalın yerli münsiflər heyətində təmsil olunduğumdan biz yerli ən yaxşı filmləri seçməli idik. Təqdim olunan filmlərin əksəriyyəti rejissorların debut işləridir. Mənim bizim rejissorlara bir neçə məsləhətim olacaq. Onlar öz kinodillərini inkişaf etdirib, görüntü estetikasını gücləndirsinlər. Çünki baxdığım əksər filmlərdə televiziya estetikası açıq-aydın hiss olunurdu və bu da kinematoqrafiyada qəbul olunmur. Amma bütün bunlarla yanaşı yerli filmlərin içərisində güclüləri də var idi ki, onlardan ikisini biz mükafatla təltif etdik.

Elxan Cəfərov (kinorejissor)

-Festivalda iştirakçıların sayının ildən-ilə artması  yüksək qiymətləndirilməlidir.  Gənclərin yaradıcı işlə məşğul olması, peşələrini  yeni formada sınamaları  sevindirici haldır. Yerli müsabiqə proqramının səviyyəsi məni qane etmədi. 5 nominasiyadan 2-də filmlərə mükafat verdik. Sevindim ki, çox gəncin işlərinə baxdıq. Faktın özü işlərin səviyyəsindən daha dəyərlidir. İlk növbədə müəyyən mənada kino məktəbinin olmaması və ya kifayət qədər aşılanmaması ucbatından  problemlərlə üzləşdik. Peşə ilə bağlı peşəkar problemlər var. Təkcə Mədəniyyət və İncəsənət Universiteti ilə iş bitmir. Bununla ümumi cəmiyyət məşğul olmalıdır. Gənclərdə məktəbsizlik var.

 

Nərmin Muradova

2012

Paritet qəzeti